Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalına parklar və muzeylər şəhəri Xaçmaz ev sahibliyi edib.

26.04.2019

Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalına parklar və muzeylər şəhəri Xaçmaz ev sahibliyi edib.
Heydər Əliyev adına parkda respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival bölgə sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
Festival iştirakçıları Qusar Dövlət Ləzgi Dram Teatrının “Diyar” nənələr qrupunun təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq və başqa bu kimi keçmiş dövrlərin məişət işlərini əks etdirən təqdimatları izləyiblər.
Xaçmaz və Şabran Xalq teatrlarının hazırladığı ədəbi-bədii kompozisiyalar festivalın zəngin proqramına əlavə rəng qatıb.
Xınayaxdı Folklor kollektivinin ifasında rəqs nümunələri mədəniyyət bayramında iştirak edənlərin zövqünü oxşayıb.
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.
Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş ediblər.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Festivalın ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. İki ay davam edən festival may ayında yekunlaşacaq.

 

204.4 KB

 

255.7 KB

 

271.3 KB