Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İlk Milli Yaylaq Festivalı minlərlə turist üçün möhtəşəm bayram tədbirinə çevrilib

26.07.2019

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə keçirilən Milli Yaylaq Festivalının üçüncü – sonuncu günü də maraqlı anlarla yadda qaldı.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında təşkil olunmuş ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisindəki yaşayış yurdları (alaçıqlar), “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların marağına səbəb olub.

Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, qədim xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub. Meydana daxil olan çaparların yorğa atlarla çıxışı alqışlarla qarşılanıb.

Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb.

Festival çərçivəsində bir tərəfdə yorğa və çaparaq at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, oxatma yarışları keçirilib, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları – qurşaq, kəndirdartma təşkil olunub.

Festivalın sonunda, iştirakçıların paradından sonra mükafatlandırma olub. Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vurulub. Beləliklə, Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün ən xoş anlarla və unudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.

Qeyd edək ki, Milli Yaylaq Festivalının təşkilində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarətdir.

Festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilib.

 

182.1 KB

 

146.2 KB

 

147.6 KB