Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vaqif Mustafazadə - 80

17.03.2020

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. Orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir. 1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

 

29.4 KB