Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nadir Qasımov 90 - Paytaxtdan bölgələrə Şəmkir

11.10.2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 11 oktyabr 2018-ci il tarixində anadan olmasının 90 illiyi münasibəti ilə Azərbaycanın Xalq rəssamı Nadir Qasımovun əsərlərinin Şəmkir rayonundakı H.Əliyev Mərkəzində təqdimatı keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, ilk dəfə bu layihə 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilib.
Nadir Qasımov 22 may 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-1946-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1947-1953-cü illərdə isə Sankt-Peterburqda I.E.Repin adına Rəssamlıq Akademiyasında, İohansonun emalatxanasında təhsil almışdır.
Rəssamın fəaliyyəti 50 ildən artıq bir dövrü əhatə edir. Nadir Qasımov 1958-1969-cu illərdə Azərbaycan Rəssamlar ittifaqının idarə heyətinin üzvü olmuş, 1967-1969-cu illərdə Bakı şəhər sovetinin üç çağırış üzrə deputat seçilmişdir.
Nadir Qasımovun Xəzər dənizi mövzulu “Dəniz qəzəblənir”, “Polad adam”, “Xəzərdə qızılı şəfəq”, “Neft buruqları”, “lliç buxtası” (Dövlət Tretyakov Qalereyası), “lliç buxtasının qurulması”, “Qırmızı borular" (Dövlət Tretyakov Qalereyası) əsərlərini və 1960-ci illər yaradıcılığına aid “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” kimi ona şöhrət gətirən rəsmlərinin adlarını çəkmək olar.
Rəssamın əsərləri Azərbaycan Milli Incəsənt Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Dövlət Tretyakov Qalereyasının, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Nadir Qasımovun 1961 və 1977-ci illərdə Bakıda, 1967 və 1979-cu illərdə Moskvada, Kaunasda, 1976-cı ildə Frunze (Bişkək) şəhərində, 1980-ci ildə Qazan şəhərində, 2008-ci il də Bakıda fərdi sərgiləri keçirilmişdir. Rəssam bədii yaradıcılığı və ictimai işləri ilə yanaşı 1970-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Nadir Qasımov 1992-ci il də "Xalq rəssamı" adına layiq görülmüşdür.
Nadir Qasımov 2000-ci ildə vəfat etmişdir

 

222.5 KB

 

205.3 KB

 

200.1 KB