Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Daşkəsən

" Rayonunuzun çox böyük imkanları, potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir!"
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Tarixi haqqında qısa məlumat

Daşkəsən dağları uzun illər yaylaq yeri kimi istifadə edilib. Cənub Qafqazın ən gözəl yaylaqlarından biri Daşkəsəndə, xüsusilə Xoşbulaqdadır. Xoşbulaq yaylağına Daş dövrünün insanları gəlib müxtəlif sahələrdə, əsasən ovçuluqla məşğul olublar. E.ə. III minillikdə maldar əhali Xoşbulaq yaylağına qalxıblar, o zamandan bu ənənə davam etməkdədir.

Daşkəsən yaylaqları dəniz səviyyəsindən 2 min metr yüksəkdə olduğu üçün bura bir çox maldar tayfalar köçüb və onlar müxtəlif ətraf hücumlardan qorunmaq üçün siklop tipli qalaçalar tikib. Elə həmin tarixdən də Daşkəsən rayonu ərazisindən daimi yaşayış məskəni kimi istifadə edilib.

Daşkəsən qədim yaşayış məskənlərində 1959-1960-cı illərdə aparılan arxeloji qazıntılar zamanı tapılan sayı-hesabı bilinməyən kurqan tipli dəfn abidələri göstərir ki, bu ərazilər yaylaq kimi yerli əhali tərəfindən istifadə edilib. Bu əraziyə isə yay vaxtında, yalnız bir ərazidən - şimal-şərq tərəfdən, Kür çayı vadisindən gəlmək mümkündür.

Sözsüz ki, İslamiyyətə qədər yerli əhali xristian olub və İslamlaşdırma siyasəti dağlıq ərazidə ləng getdiyi üçün Daşkəsən dağlarında Alban-Xristian məbədləri də olduqca çoxluq təşkil edir.

Orta əsrlərdə Daşkəsən rayonu ərazisində mədən işi ilə məşğul olunmuşdur.

Daşkəsən rayonu təbii sərvətlərinə görə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsənin strateji məhsulları olan dəmir filizi, alüminum, kobalt, mərmər və s. məhsullarının istismarı üçün xeyli iş aparılmışdır.

Daşkəsən rayonu (1956-cı ilədək Dəstəfur rayonu) - Azərbaycan SSR-də inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən bərpa olunmuşdur. Ərazisi 1047 kvadrat km, əhalisi 33 255 (01.04.2012).

Rayonda 1 şəhər, 5 qəsəbə, 43 kənd var. Mərkəzi Daşkəsən şəhəridir.

Daşkəsən rayonu cənub-qərbdən 8 kilometr Ermənistan Respublikası ilə həmsərhəddir. Eyni zamanda Respublikasının Şəmkir rayonu ilə 24,5 kilometr, Kəlbəcər rayonu ilə 23 kilometr, Gədəbəy rayonu ilə 41 kilometr və Xanlar rayonu ilə 56,3 kilometr həmsərhəddir. Ümumi sahəsi 1047 kvadrat kilometr, əhalisinin sayı 33 min 255 nəfərdir.

Tarixi və memarlıq abidələri

«Xoşbulaq yaylağı» tunc dövrünə aid olan «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası,dəmir dövrünə aid olan «Nağara dağı» ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir.

Əmirvar kəndində «Yastı qaya» adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qalaçası, «Göyçəlilər yurdu» qalaçası, «Dərdər» qalaçası rayonda məşhurdur.

Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m2 ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır.

Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.

Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m2 ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.