Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöl şəhərinin yaranmasının 202 illiyi münasibəti ilə rayonun memarlıq və mədəniyyət sahələrinə ekskursiya təşkil edilmişdir

30.08.2021

30.08.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl şəhərinin yaranmasının 202 illiyi münasibəti ilə Göygöl rayonunda yerləşən təməli 1854–cü il aprelin 24-də almanlar tərəfindən qoyulmuş Müqəddəs Yohann kilsəsinə və Göygöldə yaşamış sonuncu alman sakini Viktor Klaynın evinə ekskursiya təşkil edildi. İlk öncə Yohann kilsəsində olan ekskursiya işçtirakçılarına Göygölun yaranması haqqında ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov ətraflı məlumat verdi. Göygöl rayon Tarix –Diyarşünaslıq muzeyinin direktoru Rita İbrahimova muzeydəki eksponatlar haqqında ekskursiya iştirakçılarına məlumat verdi. Daha sonra Viktor Klaynın evində olan ekskursya iştirakçılarına İsmayılov Fikrət Klaynın evi, həyatı haqqında ətraflı məlumat verdi.

Göygöl Rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, bənzərsiz təbiəti olmaqla, flora və fauna ile zengindir. Ən yüksək nöqtəsi Camışdağ zirvesidir ki, dəniz səviyyəsindən 3724 metr hündürlükdədir.

Göygöl rayonu şimaldan Gəncə şəhəri, Samux rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə,  şərqdə Goranboy rayonu ilə, qərbdə Şəmkir rayonu, cənub-qərbdə Daşkəsən rayonları ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göygöl rayonunun sahəsi 935,7 km2, əhalisi isə 63 minə yaxındır. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq, əkinçilik  və üzümçülüklə məşğul olur.

Göygöl rayonunun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq, Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Hazırda mövcud olan Aqrar Sənaye Kombinatının əsas binasını Forer qardaşları tikmiş, orada şərab və  konyak istehsalı ilə məşğul olmuşlar, Helenendorfda istehsal olunan konyak və pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilmişdir.

8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla, Nərimanov rayonu təşkil olunmuş, 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu,  Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı olan Xanlar Səfərəliyevin adı ilə bağlı  Xanlar rayonu, mərkəzi Helenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılmışdır. 28 fevral 1992-ci ildə rayonun ərazisi iki yerə bölünərək Samux rayonu yaradılmışdır. 07 may 2008-ci il tarixdə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar  şəhəri  isə Göygöl  şəhəri  adlandırılmışdır.

Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 32 yerli ve ölkə  əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Almanların tikdiyi 400 yaxın Alman evi də yerli əhəmiyyətli tarixi abidələr siyahısındadır.