Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşıl Teatr” da 18 Sentyabr – Milli Musiqi günü münasibəti ilə “Azərbaycan musiqisinin tacı – Üzeyir Hacıbəyli” adlı tədbir keçirilirdi.

18.09.2021

18 sentyabr Milli Musiqi günü

17.09.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin və Göygöl Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev parkında yerləşən “Yaşıl Teatr” da 18 Sentyabr – Milli Musiqi günü münasibəti ilə “Azərbaycan musiqisinin tacı – Üzeyir Hacıbəyli” adlı tədbir keçirilirdi.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Göygöl Şöbəsinin, Göygöl Rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin əməkdaşları iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarında keçən, 30 illik Qarabağ həsrətinə son qoyan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra “Nərgiz” xalq kollektivinin üzvləri və Göygöl Gənclər Evinin Musiqi və çalğı dərnəyinin üzvləri tərəfindən təşkil olunan konsret proqramı həyata keçirildi.

Konsertdə vətənpərvər mahnılar, xalq və bəstəkar mahnıları səsləndirildi, Vətənpərvərlik ruhunda olan ifalar qazilərimizdə və qonaqlarımızda xoş əhval-ruhiyyə yaradıb. Konsert proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Ümummilli Liderimiz Heydər Əliyev musiqi haqqında çox gözəl fikir söyləmişdir: Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı və Muğam müsabiqəsi, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycan incəsənətinin əsas hissəsi olan musiqinin dünya miqyasında yüksək mövqedə olduğuna sübutdur.

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın “konservatoriyası” - Şuşada keçib.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.

Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.